MEDİA və DTX jurnalistlərə və vətəndaşlara çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb

MEDİA və DTX jurnalistlərə və vətəndaşlara çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb

Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti jurnalistlərə və vətəndaşlara çağırış edib.

"Report"un xəbərinə görə, bu barədə birgə məlumatda qeyd edilib.

Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilmiş, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilmişdir.

Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır.