Azərbaycan Malatyaya humanitar yardım göndərib

Azərbaycan Malatyaya humanitar yardım göndərib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Malatyada zəlzələdən əziyyət çəkənlərə humanitar yardım göndərib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, yardımlar artıq Türkiyəyə çatıb.

Komitə sədrinin müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Bakı Ramazan bayramı ərəfəsində bölgəyə dəstək olmağa çalışıb: “Hər zaman Türkiyənin yanındayıq. Gələcəkdə də nə lazımdırsa, edəcəyik. Sona qədər Türkiyənin yanında olacağıq. Allah bir daha belə zəlzələləri göstərməsin”.

Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində ağır zərər çəkmiş bölgələr arasında Malatya da olub. Son məlumata görə, təbii fəlakət nəticəsində Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.

Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.