Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) vurub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəsarət alanların olmadığı bildirilir.

“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda deyilir.

“Diamond” esminesi iki aya yaxındır ki, regionda döyüş tapşırıqlarını yerinə yetirir. Bu müddət ərzində o, husilərin ticarət gəmilərinə atdığı pilotsuz təyyarələrin hücumlarının dəfələrlə qarşısını alıb.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və gəmilərin Qırmızı dəniz suları və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb.