Brenda Şafer: "Azərbaycan torpaqlarının kütləvi minalanmasına beynəlxalq birlik yol verdi"
"Beynəlxalq birlik Azərbaycan torpaqlarının Ermənistan tərəfindən görünməmiş miqyasda minalanmasına yol verib".
“Birxeber” xəbər verir ki, bunu ABŞ-ın Ali Dənizçilik Məktəbinin (Naval Postgraduate School) professoru, beynəlxalq ekspert Brenda Şafer bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
“Bu münaqişədə minalardan görünməmiş miqdarda istifadə olunub, özü də bu, təkcə döyüş bölgələrə aid deyil. Fikrimcə, Kəlbəcərdən çıxmaq üçün humanitar məqsədlər üçün 10 günlük möhlət istəyib, sonra bundan istifadə edərək minlərlə mina basdırmaq, həlak olmuş əsgərləri götürən tibb işçilərini, yaxud da onları dəfn edəcək yaxınlarını öldürmək üçün meyitlərinə partlayıcı yerləşdirmək müasir dövr üçün misli görünməmiş hallardır. Bu cür davranışlara beynəlxalq birlik yol verib”, - deyə ekspert vurğulayıb.
Onun dediyinə görə, beynəlxalq hüquqda mübahisələrə yer qoymayan bir məsələ varsa, bu da görünür, təkcə minalardan istifadə məsələsidir: “Terrora dair bəzən müxtəlif yozumlara rast gəlinir, bəziləri bunu azadlıq uğrunda mübarizə kimi qələmə verirlər. Amma minalanmaya qanuni iş deyən adama nadir hallarda təsadüf olunur”.
Ekspertin ehtimalına görə, ABŞ Konqresi tərəfindən Qarabağdakı minatəmizləmə işlərinə az qala hər il ayrılan böyük vəsaitlər təyinatı üzrə yox, elə minalanmaya sərf olunub. Həmçinin Avropa İttifaqının da hər il Ermənistan üçün qeydsiz-şərtsiz ayırdığı 3 milyard avronun da aqibəti naməlumdur.
Onun qənaətincə, bu cür fəaliyyətin qarşısını almaq üçün beynəlxalq birlik daha qətiyyətli mövqe tutmalı, həmçinin Qarabağı hədsiz dərəcədə minalanmış ərazilərini təmizləmək üçün maliyyə ayırmalıdır.