Azərbaycan millisinin şahmatçısı: İddiaçılar Turnirində mübarizə Nicat Abasov üçün hələ irəlidədir

Azərbaycan millisinin şahmatçısı: İddiaçılar Turnirində mübarizə Nicat Abasov üçün hələ irəlidədir

İddiaçılar Turnirində mübarizə Nicat Abasov üçün hələ irəlidədir.

Bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Rauf Məmmədov Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirindəki çıxışı barədə danışarkən deyib.

35 yaşlı qrossmeyster yarışın IV turunda Fransa təmsilçisi Əlireza Firuzca ilə heç-heçə edən komanda yoldaşının çıxışından razılıq bildirib: “Dünənki oyunu izlədim, maraqlı mübarizə oldu. Fikrimcə, görüşün heç-heçə yekunlaşması normal idi”.

Azərbaycan millisinin şahmatçısının fikrincə, ilk dörd turda 1,5 xal toplayan N.Abasov turdan-tura daha yaxşı nəticə əldə edəcək: “Hesab edirəm ki, Nicat getdikcə öz oyununu tapır. Bu cür davam etsə, yarışda çox yaxşı nəticə göstərə bilər”.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.