Sahib Məmmədov: “Bu il Çərçivə Sənədi üzrə ekoloji layihələrə üstünlük verməliyik”

Sahib Məmmədov: “Bu il Çərçivə Sənədi üzrə ekoloji layihələrə üstünlük verməliyik”

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamdan irəli gələrək, eyni zamanda bu ilin noyabrında ölkəmizdə COP29-un təşkilini nəzərə alaraq, Çərçivə Sənədi üzrə ekoloji layihələrə üstünlük verilməsi məqsədəuyğundur.

"Birxeber.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu platformanın Azərbaycanda təşkili ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açacaq. Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb. Bildiyiniz kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa dair imzalanmış sənədlərdə də ətraf mühit və iqlim məsələlərinə xüsusi yer verilir. Məlum olduğu kimi, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”ndə də “ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə” 4 əsas prioritet sahədən biri olaraq müəyyən edilib”, - deyə o qeyd edib.

Nazir müavini diqqətə çatdırıb ki, beynəlxalq tərəfdaşlarla “yaşıl” və dayanıqlı şəhərlər, bərpa olunan enerji mənbələri, həmçinin dənizdə külək enerjisindən istifadə ilə bağlı infrastrukturun yaradılmasına dair təşəbbüslər həyata keçirilir.

“İqlim maliyyəsi COP29-un əsas müzakirə mövzularından biri olacaq. Xüsusilə inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha həssasdırlar. Bu məqsədlə 2009-cu ildə Danimarkanın ev sahibliyi etdiyi COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həllində ehtiyacları ödəmək üçün hər il 100 milyard ABŞ dolları məbləğində vəsaiti səfərbər etməyi öhdələrinə götürüblər. Ancaq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına əsasən (2020-ci il) inkişaf etmiş ölkələr tərəfindən cəmi 83,3 milyard ABŞ dolları məbləğində vəsaitin təmin edildiyi təxmin edilir", - deyə nazir müavini vurğulayıb.

S.Məmmədov əlavə edib ki, hazırda qlobal olaraq təxminən 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur: “Hazırda onların fəaliyyəti effektiv şəkildə əlaqələndirilmir. Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara ümumilikdə 3-4 milyard ABŞ dollar ödədiyi bildirilib”.