İtaliyalı analitik: Fransanın fəaliyyəti Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərir

İtaliyalı analitik: Fransanın fəaliyyəti Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərir

Fransanın fəaliyyəti Avropa İttifaqının (Aİ) sülh səylərini sarsıda bilər.

Bunu “Report”a açıqlamasında italiyalı analitik, Roma Sapienza Universitetinin beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Valentina Şabert deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində imzalanan sənədlər Azərbaycanın mənfi reaksiyasına səbəb olub:

“Fransanın Ermənistana hərbi texnika tədarük etməsi Azərbaycan tərəfindən mənfi qarşılanıb, çünki Cənubi Qafqaz regionunda hələ də sülh əldə olunmayıb. Ümumiyyətlə, ayrı-ayrı ölkələr öz maraqlarını ön plana çıxararaq sərbəst şəkildə hərəkət edir, Cənubi Qafqazda əvvəllər münaqişəli olan ölkələr arasında sülhün və dialoqun möhkəmləndirilməsi istiqamətində ümumavropa yanaşmasına əməl etmir. Bu isə bununla bağlı Avropa yanaşmasının parçalanmasına səbəb olur”.

Ekspert vurğulayıb ki, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı son fikirləri və onun Fransa diplomatlarını Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün digər Avropa aktorlarının səylərinə xələl gətirməməyə çağırması Bakı ilə İrəvan arasında normallaşma məsələsində İtaliyanın mövqeyini əks etdirir.