Rasim Musabəyov: Azərbaycan üçün BRICS-in heç bir perspektivi yoxdur

Rasim Musabəyov: Azərbaycan üçün BRICS-in heç bir perspektivi yoxdur

Azərbaycan üçün BRICS-in heç bir perspektivi yoxdur.

“Birxeber.Az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə deyib.

“Biz hər təşkilata üzv olmaqla imkanlarımızı yayındırırıq. Qoşulmama Hərəkatı qalsın bir kənarda BRICS-in arxasınca gedək? BRICS-in Azərbaycana heç bir faydası yoxdur. Rusiya bu təşkilatı yaradanlardan biridir. Qərb bu gün Rusiyaya geniş sanksiyalar tətbiq edib. BRICS ona nə kimi fayda verir? Heç bir fayda vermir. Bunların hamısını nəzərə almaq lazımdır", - deputat vurğulayıb.

R.Musabəyov əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı daha əhəmiyyətli qurumdur: "Orada müşahidəçi kimi yerimizi möhkəmləndirmək daha faydalı olar, nəinki BRICS-ə üzv olmaq".

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.