BMTM rəsmisi: BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır

BMTM rəsmisi: BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır

BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır. Çünki regionun iki böyük dövləti - İran və Rusiya bu təşkilata üzvdür.

“Birxeber.Az” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün BRICS+ ölkələrinin qlobal ÜDM-dəki payı 37,3% təşkil edir: "2040-cı ilə qədər bu rəqəmin 45%-ə çatacağı gözlənilir. BRICS qrupuna üzv ölkələrin ümumilikdə 3,5 milyard əhalisi var və ya dünya sakinlərinin 45%-i bu quruma üzv ölkələrdə yaşayır. Eyni zamanda qlobal iqtisadiyyatın isə 28%-i BRICS-in payına düşür".

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.