XİN rəsmisi: Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir

XİN rəsmisi: Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir

Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici dünya ilə münasibətlərini ərazi bütövlüyünə hörmət, ümumiyyətlə qarşılıqlı hörmət prinsipləri əsasında qurur:

"Azərbaycan qlobal təhlükəsizliyə və sülhə öz töhfəsini verib. Xarici siyasətimizin humanitar ölçüsünə baxdıqda isə son bir-iki ildə keçirilmiş tədbirlər böyük əhəmiyyət kəsb edib. Biz 30-dan çox ölkəyə 330 milyon dəyərində humanitar yardım göstərmişik. Bu gün iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edirik”.

XİN nümayəndəsi bildirib ki, Azərbaycan BRICS-in fəaliyyətini yaxından izləyir:

“Biz Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edirik. BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Bu gün bir sıra dövlətlər BRICS-ə üzvlüyə maraq göstərirlər. Bunlar təşkilatın beynəlxalq münasibətlər sistemindəki çəkisindən xəbər verir. 2009-cu ildə BRICS-in ilk Zirvə toplantısı keçiriləndə qəbul edilən birgə bəyanatda göstərilmişdi ki, beynəlxalq təhdidlərlə mübarizədə çoxtərəfli diplomatiyaya üstünlük verilir. BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunur. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir”.

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.