KİV: Qəzzada sülh danışıqlarına dair irəliləyiş var

KİV: Qəzzada sülh danışıqlarına dair irəliləyiş var

Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəsə dair danışıqlarda irəliləyiş əldə edilib.

APA xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər əsas istiqamətlər üzrə konsensusa gəliblər.

Danışıqlarda Qəzza zolağına hakim olan Fələstinin HAMAS hərəkatı, Misir, Qətər, İsrail və ABŞ iştirak edir.

Mənbənin sözlərinə görə, Qətər və HƏMAS-ın nümayəndə heyətləri yekun razılaşmadakı məqamları razılaşdırmaq üçün yaxın iki gün ərzində Qahirəyə qayıdacaq.

O da əlavə edilib ki, ABŞ və İsrail nümayəndə heyətləri yaxın saatlarda Misir paytaxtını tərk edəcək və məsləhətləşmələr növbəti 48 saat ərzində davam edəcək.

Telekanal daha əvvəl bildirmişdi ki, Qəzza zolağında təklif olunan atəşkəsə israilli girovların və fələstinli məhbusların mübadiləsi və Qəzzada məcburi köçkünlərin qaytarılması mexanizmləri daxildir.

Son aylarda Qəzza zolağında bir neçə dəfə atəşkəs danışıqları aparılsa da, bu, uğursuzluqla nəticələnib.