Britaniya Meksikanın Ekvadordakı səfirliyinə hücumu pisləyib

Britaniya Meksikanın Ekvadordakı səfirliyinə hücumu pisləyib

Böyük Britaniya hökuməti Ekvadorun hüquq-mühafizə orqanlarının Meksikanın Kitodakı səfirliyinə hücumunu pisləyir.

"Report"un məlumatına görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Britaniya hökuməti aprelin 5-də Meksikanın Kitodakı səfirliyində Ekvador hakimiyyətinin həyata keçirdiyi tədbirləri pisləyir. Bütün hökumətlər Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin müqəddəsliyinə hörmət etməlidir. Diplomatik qurumların və personalın təhlükəsizliyi diplomatik münasibətlərin əsas prinsipidir”, - bəyanatda bildirilir.

Aprelin 5-də Meksika hakimiyyəti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq verdiyini açıqlayıb. Siyasətçi korrupsiya işində ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib. Bundan əvvəl diplomatik missiya Qlası həbs etmək üçün polisi öz ərazisinə buraxmaqdan imtina etmişdi.

Aprelin 5-də axşam saatlarında Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə basqın edərək Qlası həbs edib. Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı bir neçə diplomat yaralanıb. Meksika hakimiyyəti Ekvadorla diplomatik münasibətləri kəsib.