Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB-2

Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB-2

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Birxeber.Az”un məlumatına görə, üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu bacarmışdı.

13:09

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünü keçirib.

“Birxeber.Az” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu 1/4 final mərhələsində Niurqun Skriabinlə (AİN) qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn yığmamızın lideri yarımfinala yüksəlib. Onun növbəti rəqibi İslam Dudayev (Albaniya) olacaq.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala adlayıblar.

11:22

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurlu start götürüb.

“Birxeber.Az” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi üstələyib.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib. Yığmamızın lideri bu raundda Niurqun Skriabinlə (AİN) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.