Fransanın Azərbaycandakı səfirinin “demokratiya və media anlayışı”

Fransanın Azərbaycandakı səfirinin “demokratiya və media anlayışı”

Azərbaycana səfir təyin olunandan sonra heç bir aktivliyi ilə seçilməyən, mətbuatda görünməyən Fransanın ölkəmizdəki səfiri, xanım Anne Boillon, nəhayət ki, sükutu pozub.

Lakin xanım diplomatın sükutu pozması heç də uğurlu alınmayıb. Belə ki, APA Rusiyanın sabiq Prezidenti, Rusiya Təhlükəsizlik Şurası Sədrinin müavini Dmitri Medvedevin açıqlamasını yaydığına görə fransalı diplomatın qəzəbinə tuş gəlib. Xanım Boillon özünün “X” hesabında APA-nın sözügedən xəbərini paylaşaraq, “Bu, nə biabırçılıqdır, APA” yazıb.

Lakin hansısa rəsmi şəxsin açıqlamasını yaydığına görə APA-nı qınayan fransalı diplomat bu hərəkəti ilə özü-özünü pis duruma salıb.

Xanım səfir bilməmiş deyil ki, Dmitri Medvedev Rusiyanın rəsmi şəxsidir, bu ölkənin Prezidenti olub, hazırda da Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini postunu tutur. APA D. Medvedevin özünün “Teleqram” kanalında yaydığı açıqlamasını “Rossiyskaya gazeta”ya istinadən yayıb. Səfir Boillon bu sözləri açıqlamanın müəllifi olan D. Medvedevə ünvanlasaydı, bunu anlamaq olardı. Medvedevin açıqlamasını yaydığına görə APA-nın ünvanına əsassız ittiham səsləndirmək isə bir siyasətçi və diplomata yaraşmaz. Belə çıxır ki, media Fransanın, fransız diplomatların xoşuna gəlməyən, marağına toxunan məlumatları yaymamalıdır. Başqalarına insan haqlarından, media azadlığından dərs keçmək niyyətində olanların bu hərəkətləri, bu mövqeyi çox təəccüblüdür.

Xanım diplomatın, ölkəsinin prezidenti Makronun, yaxud Makron Administrasiyasının Medvedevin açıqlaması ilə bağlı hər hansı bəyanatı, mövqeyi varsa, APA qarşı tərəfin bu mövqeyini də işıqlandırmağa hazırdır və hər zaman da bu prinsipi əsas götürüb.

Hansısa rəsmi şəxsin açıqlamasını yaydığına görə mətbuatı qınamasını, hədəfə almasını isə fransalı diplomatın demokratiya dözümünün, mətbuata münasibətinin ölçüsü də hesab etmək olar.