Stoltenberq Ukraynaya dəstək fondunun yaradılacağını gözləyir

Stoltenberq Ukraynaya dəstək fondunun yaradılacağını gözləyir

NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqton sammitinin baş tutacağı iyul ayına qədər Alyansın müttəfiqlərinin Ukraynanın maliyyələşdirilməsinə dair uzunmüddətli sazişi razılaşdıracaqlarına əmin olduğunu bildirib.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə Stoltenberq bazar günü səhər yayımlanacaq BBC-yə müsahibəsində deyib.

BBC dərc etdiyi yazıda bildirib ki, son günlər Stoltenberq 100 milyard avro həcmində beş illik dəstək fondu yaratmaqla digər ölkələri Ukraynadakı hərbi səylərə daha çox vəsait ayırmağa inandırmağa çalışır. "O bəzi ölkələrin tərəddüdlərini bildirməsinə baxmayaraq, iyula qədər razılığın əldə olunacağına əmin olduğunu bildirib", - BBC yazır.

Stoltenberqin sözlərinə görə, Ukraynaya uzunmüddətli dəstək indi və ölkənin münaqişədən sonra bərpası üçün həyati əhəmiyyət kəsb edir.
"Müharibənin yaxın gələcəkdə bitəcəyinə inansaq və ümid etsək belə, biz uzun illər Ukraynanı dəstəkləməli, gələcək təcavüzün qarşısını almaq üçün onun müdafiəsini qurmalıyıq", - o deyib.

Stoltenberq bildirib ki, bu dəstəyin Ukraynadakı Rusiya qüvvələrini dəf etmək və Putini işğalla bağlı məqsədlərindən əl çəkməyə məcbur etmək çox vacibdir. Eyni zamanda o əlavə edib ki, nəticədə Ukrayna da güzəştə getməli olacaq, lakin hansı güzəştə getməyə yalnız o qərar verəcək.
"Sonda Ukrayna hansı kompromislərə getməyə hazır olduğuna qərar verməlidir, danışıqlar masasında həqiqətən məqbul nəticə əldə etdikdə və bunun üçün onlara belə bir mövqedə olmağa imkan verməliyik", - deyə o əlavə edib.

O vurğulayıb ki, "Ukrayna qalib gələndə" "əsl sülh" əldə olunacaq.