“MaltaToday”: Malta məhkəməsi “Palmali” şirkəti ilə bağlı London məhkəməsinin qərarını qüvvədə saxlayıb

“MaltaToday”: Malta məhkəməsi “Palmali” şirkəti ilə bağlı London məhkəməsinin qərarını qüvvədə saxlayıb

Malta məhkəməsi Fətullah Gülənin çevriliş cəhdi ilə bağlı Türkiyədə 2020-ci ildə həbs olunduqdan sonra əmlakı kreditorlar tərəfindən hədəfə alınan gəmiçilik imperiyasının sahibi Mübariz Mənsimovun apellyasiya şikayətini rədd edib.

“Birxeber.Az” “MaltaToday”ə istinadən xəbər verir ki, məhkəmə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mənsimova məxsus “Palmali International Holding” şirkətinə qarşı iddiası üzrə London Məhkəməsinin qərarının icrasında Malta Arbitraj Mərkəzini dəstəkləyib.

SOCAR “Palmali”dən uğursuz birgə müəssisənin aqibətinə görə kompensasiya olaraq 240 milyon ABŞ dolları ödənilməsini tələb edir. Mənsimov da qərarın icbari icrası tələbindən Malta məhkəmələrinə müraciət etmişdi.

Nəşrin məlumatına görə, Türkiyə vətəndaşlığı olan Mənsimovun gəmiçilik şirkəti gəmiçilik sahəsində əlverişli vergi qanunvericiliyinə görə demək olar ki tam şəkildə Maltada yerləşir. Lakin Rusiya “Sberbank”ının kreditorlarının başqa bir iddiası ilə Maltadakı aktivlər də dondurulub.

“MaltaToday” qeyd edir ki, Mənsimovun Malta şirkətlərinə onlarla gəmi və “Palmali International Holding”, “Palmali International Holding Two”, “Palmali Logistics”, “Palocean Shipping”, “Paloffshore Oil Services”, “Palriver Shipping”, “Palsea Shipping”, “Tampal Trade”, “Pal Food”, “Palchem Holding”, “Palmali Dry Cargo”, “Palmali Voyager”, “Caspian Holding”, “Pal Air”, “Pal Gas Holding”, “Barge Oil Services”, “GMM Shipping & Trading” və “GMM Holding” ​​kimi iri holdinqlər daxildir.

2023-cü ildə Malta məhkəməsi “Palmali” şirkətlər qrupuna məxsus bir sıra gəmiçilik şirkətlərinə qarşı “Sberbank”ın xeyrinə qərar çıxarıb.

Məhkəmə “Palmali”nin “Sberbank”a kreditləri qaytarmamaq məqsədilə Maltada gəmiçilik şirkətlərini müflis etmək üçün ədalətsiz əməliyyatlar apardığı qənaətinə gəlib, Mənsimovun bu hərəkətlərini dələduzluq hesab edib.

Kreditlərin girovu kimi “Sberbank” şəxsən Mənsimovdan, onun Türkiyədəki şirkətlərindən zəmanət, habelə “Palmali”yə məxsus gəmilər üçün Rusiya dəniz reyestrində 47 dəniz ipoteka krediti alıb.

Daha sonra “Palmali” kreditin qaytarılmasının qeyri-mümkün olduğunu elan edib, “Sberbank” 164 milyon avro məbləğində qalıq borcu ödəmək tələbi ilə zaminə müraciət edib, lakin kredit bağlanmayıb.

Nəticədə “Sberbank” Malta məhkəmələrində “Palmali”nin birbaşa törəmə şirkətlərindəki səhmlərinə həbs qoyulması üçün orderlər alıb, həmçinin London məhkəmələrində arbitraj işi açıb.

Burada məlum olub ki, orderlərin verilməsindən bir neçə gün sonra “Palmali” birbaşa törəmə şirkətlərindəki səhmlərinin hamısını elə Mənsimova məxsus Türkiyənin “Günəşli” şirkətinə keçirib. Bu faktiki olaraq “Palmali Holding”in maliyyə vəziyyətini sarsıdıb.

Öz növbəsində “Günəşli”nin səhmlərini “Sberbank” Maltada məhkəməyə müraciət etdikdən bir neçə gün sonra Mənsimovun nəzarətində olan digər şirkət – Türkiyənin “Palmali Holding AS” şirkəti alıb.

Məqalədə vurğulanır ki, “Sberbank” bunun “Palmali”nin birbaşa törəmə şirkətlərinin kapitalını azaltmağa yönəlmiş saxta sxem olduğunu sübut edib və nəticədə Malta bayrağı altında üzən 35 gəmi “Günəşli”nin dolayı mülkiyyətinə keçib.

“Sberbank”dan bəyan edilib ki, Maltada “Palmali”nin 56 şirkətinin qeydiyyatının ləğvi ədalətsiz, vicdansız, qeyri-qanuni addım və “Sberbank”a ödənilməli olan borcların yığılmasının qarşısını almaq və ya onu gecikdirmək üçün saxtakarlıq məqsədi ilə edilən cəhd olub”, - müəllif fikrini yekunlaşdırıb.