Heydər Əliyev prospektində yük maşınının aşması nəticəsində bitum yola dağılıb, xəsarət alan var - YENİLƏNİB-3 - VİDEO - FOTO

Heydər Əliyev prospektində yük maşınının aşması nəticəsində bitum yola dağılıb, xəsarət alan var - YENİLƏNİB-3 - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli bitumun dağılması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

***

15.58

“Koroğlu” metrostansiyasının yaxınlığında yük avtomobilinin aşması və daşıdığı yanma təhlükəsi olan mayenin ətrafa dağılması barədə Fövqəladə Hallar Nazirliyinib “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal məlumata əsasən, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon yanğından mühafizə hissəsi əraziyə cəlb olunub.

APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə deyib.

“Hadisə baş verdiyi ərazidə yanğın təhlükəsinin baş verməməsi üçün bütün tədbirlər görülüb. Baş vermiş yol-nəqliyyat qəzası zamanı heç bir yanğın hadisəsi qeydə alınmayıb”, - deyə o qeyd edib.

***

14.18

Aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.

***

13.57

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məlumata görə, Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

13.32

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nəticədə avtomobildə olan maye yola dağılıb. NİİM-in məlumatına əsasən, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edilib ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Aləmdə Nəsib

Əbülfət Baxşəli