Azərbaycanın əməkdar məşqçisi: Nicat Abasovun məğlubiyyətini faciə hesab etmək olmaz

Azərbaycanın əməkdar məşqçisi: Nicat Abasovun məğlubiyyətini faciə hesab etmək olmaz

İddiaçılar Turnirində elit şahmatçılar çıxış edir. Fabiano Karuana çox güclü qrossmeysterdir. Nicat Abasovun ona məğlubiyyətini faciə hesab etmək olmaz.

Bunu “Birxeber.Az”a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Fikrət Sideifzadə Nicat Abasovun şahmat üzrə İddiaçılar Turnirinin II turunda Fabiano Karuanaya (ABŞ) məğlub olması haqda danışarkən deyib.

O, təmsilçimizin güclü rəqibə qarşı mübarizə apardığını söyləyib: “Karuana çox güclüdür. Debütdə ağ fiqurlarla yaxşı üstünlük əldə etdi. Nicat isə qeyri-adi variant etmək istədi, özünü çətin vəziyyətə saldı. Fikrimcə, ABŞ təmsilçisinə qarşı davamlı müqavimət göstərmək olardı. Baxmayaraq ki, "ağlar"ın üstünlüyü var idi”.

F.Sideifzadə milli üzvünün növbəti oyunlarda uğurlu çıxış edəcəyinə inandığını söyləyib: “Bu turnir Nicat üçün böyük təcrübə olacaq. Qarşıda daha maraqlı oyunlar var. Abasov qalib gələrək, sözünü deməyi bacaracaq”.

Qeyd edək ki, Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin III turunda bu gün ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.