Ağdamda azad edilən ərazidə detonator partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Ağdamda azad edilən ərazidə detonator partlayıb,  ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Ağdam rayon prokurorluğundan Birxeber.Az-ya verilən məlumata görə, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

10.35

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Birxeber.Az-ya verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.