Rəsul İbrahimov: Xaqan Əhməd artıq dünyada seçilmiş şahmatçılardandır

Rəsul İbrahimov: Xaqan Əhməd artıq dünyada seçilmiş şahmatçılardandır

Ötən il 12 yaşadək şahmatçılar arasında Avropa çempionu oldu, dünya çempionatında isə bürünc medal qazandı. Bu isə o deməkdir ki, Xaqan Əhməd artıq dünyada seçilmiş şahmatçılardandır.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis etdiyi Şahmat Akademiyasına cəlb edilən şahmatçı Xaqan Əhmədin məşqçisi Rəsul İbrahimov deyib.

Mütəxəssis FIDE Akademiyasına düşməyin elə də böyük, ciddi nailiyyət olmadığını söyləyib: "Orada seçim şahmatçıların güclü olması ilə əlaqədar deyil. Ola bilər ki, bir çox ölkələrdən imkanı, şəraiti olmayanlar da dəvət edilsin. Məqsəd şahmatçıları bir araya yığıb, 4-5 günlük təlim-məşq toplanışı təşkil etməkdir. Akademiya olduğu üçün adı böyük səslənir. Sadəcə, Xaqan Əhmədə faydası o ola bilər ki, tanınmış Yudit Polqar və Artur Yusupov kimi mütəxəssislərlə təmasda olub. Yəqin ki, hansısa partiyanı təhlil ediblər. Xaqan həm də onların arasında ən yüksək reytinqli şahmatçı idi".

İbrahimov 13 yaşlı idmançının qarşıdakı hədəflərindən də söz açıb: "O, bu il 2300-dən yuxarı reytinqli şahmatçılar üçün təşkil ediləcək yarışlarda oynamalıdır. Həmçinin beynəlxalq usta normasını yerinə yetirməyi də qarşımıza məqsəd qoymuşuq. Reytinqi də 2400-dən yuxarıya çatdırmağı planlaşdırırıq. Bunun üçün də əlimizdə kifayət qədər əsas var. Son turnirlərə nəzər salsaq, görərik ki, 2400-dən yuxarı olan 10 şahmatçını məğlub edib".