Bakıda yataqxanada yanğın söndürülüb, 45 nəfər təxliyə edilib, 4 nəfər xəstəxanaya yerləşdirilib- YENİLƏNİB-2 - VİDEO

Bakıda yataqxanada yanğın söndürülüb, 45 nəfər təxliyə edilib, 4 nəfər xəstəxanaya yerləşdirilib- YENİLƏNİB-2 - VİDEO

Aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub. İlkin məlumata əsasən, 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu gün səhər 09:19-da FHN-in “Qaynar xətti”nə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 151 ünvanında yerləşən beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın baş verməsi haqqında məlumat daxil olub. O bildirib ki, 3 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb:

"Yanğın yerinin kəşfiyyatı aparılan zaman məlum olub ki, birinci mərtəbədə yerləşən 12 kvadratmetrlik mənzil əşyaları ilə birlikdə və 24p.m elektrik naqilləri yanıb. 45 nəfər vətəndaş hadisə yerindən təxliyyə olunub. Qatı tüstülənmə yanğındansöndürənlərin işinə mane olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülüb".

***

10.36

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12 kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Ceyhun Hacıbəyli 151 ünvanında, Xarici Dillər Universitetinin yataqxanasında yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.

Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

***

10.10

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

***

09.58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Səlcuq Elçin

Aləmdə Nəsib