“Report”un direktoru: Ermənistanın xarici siyasətində yeni istiqamət Rusiyada narahatlıq yaradır

“Report”un direktoru: Ermənistanın xarici siyasətində yeni istiqamət Rusiyada narahatlıq yaradır

Rəsmi İrəvanın Qərbə yönəlməsi Rusiyanın Ermənistandakı iqtisadi maraqlarına təsir edəcək və bu da rəsmi Kremldə narahatlıq yaradır.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-Aİ-Ermənistan formatında yüksək səviyyəli görüşlə bağlı son bəyanatına münasibət bildirərkən deyib.

“Söhbət Moskvanın Ermənistandakı maraqlarından, bu ölkədə Rusiyanın böyük hərbi bazasının olmasından, Ermənistanda infrastruktur obyektlərinin əksəriyyətinin Rusiya şirkətlərinə məxsus olduğuna görə iqtisadi maraqlarından gedir. Rusiya başa düşür ki, Nikol Paşinyanın hökumətinin Qərbə doğru istiqamətlənməsi və Avropa İttifaqı, Fransa, ABŞ-nin dəstəyi, daha doğrusu, bu ölkələrin Ermənistanı Qərb yoluna keçirmək təşəbbüsü onun iqtisadi maraqlarına da təsir göstərəcək”, - o vurğulayıb.

F.Hüseynəliyev qeyd edib ki, Ermənistan bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın siyasi və hərbi dəstəyinə ümid bəsləyir və son vaxtlar Azərbaycanla sərhəddə hərbi obyektlərin gücləndirilməsinə məhz bu amil səbəb ola bilər:

“Biz dəfələrlə Ermənistandan bəyanatlar eşitmişik ki, iki ölkə arasında sərhəd demilitarizasiya edilməlidir. Bunun üçün qoşunlar çıxarılmalıdır. Nədənsə onlar unudurlar ki, ölkələr arasında hələ də sülh sazişi imzalanmayıb, sərhədlər müəyyən edilməyib. Təbii ki, sərhədlər müəyyənləşəndən sonra heç kim sərhəddə böyük kontingent saxlamayacaq. Adətən orada sərhədçilər dayanır, sərhədi qoruyurlar. Bütün bunlar ümumi qəbul edilmiş dünya təcrübəsi çərçivəsində tətbiq olunur. Amma biz hazırda bununla bağlı əks addımın atıldığını görürük. Bəlkə də bu, Ermənistanın təkcə siyasi deyil, həm də bir sıra Avropa ölkələrindən, ən azı Fransadan hərbi dəstəyə ümid etməsi ilə bağlıdır”.