"Səbail"in kapitanı qoruyucu dəbilqə ilə meydana çıxacaq

"Səbail"in kapitanı qoruyucu dəbilqə ilə meydana çıxacaq

“Səbail" klubunun kapitanı Ağabala Ramazanov qoruyucu dəbilqə ilə meydana çıxacaq.

Bunu “Report”a açıqlamasında “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev komandanın futbolçusu Ağabala Ramazanovun zədəsi barədə danışarkən deyib.

Paytaxt təmsilçisinin çalışdırıcısı kapitanın 2 gün sonra komanda ilə birgə məşqlərə qatılacağını bildirib: “Ağabala fərdi məşqləri tamamlayıb, artıq komandaya qoşulmağı gözləyir. Məşqlər zamanı başına xüsusi qoruyucu dəbilqə taxacaq. Bu onun yenidən zədələnməsinin qarşısını almaq üçün nəzərdə tutulub”.

Təcrübəli mütəxəssis 31 yaşlı yarımmüdafiəçini cari mövsümün sonuna qədər yaşıl meydanlarda görə biləcəyimizi söyləyib: “Ağabala 5 aydır futbol oynamır, hələ ki, hazır deyil. 2-3 həftə komanda ilə birgə məşq etməsini istəyirəm. Qarşıdakı matçlardan birində meydana çıxa bilər”.

Qeyd edək ki, A.Ramazanov Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Səbail” – “Turan Tovuz” matçında rəqiblə toqquşaraq başından ciddi zədə alıb.