Elşad Mirbəşir: Bakı Təşəbbüs Qrupu Afrika ölkələrinin sanki bir ümid yerinə çevrilib

Elşad Mirbəşir: Bakı Təşəbbüs Qrupu Afrika ölkələrinin sanki bir ümid yerinə çevrilib

Bakı Təşəbbüs Qrupu Afrika ölkələrinin sanki bir ümid yerinə çevrilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib.

Elşad Mirbəşir deyib ki, Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biri də ondan ibarətdir ki, dünya ölkələri ilə bərabərhüquqlu konstruktiv münasibətlər qurulsun, sıx əməkdaşlıq sistemi şəraitində ölkələr arasında əlaqələr inkişaf etdirilsin: “Azərbaycan hər zaman etibarlı tərəfdaşdır, müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün böyük potensialı var. Ona görə də biz bu gün dünya dövlətlərinin fəallığına diqqət yetirsək görərik ki, Azərbaycan ön sıradadır. Həm dinamik-konstruktiv siyasi münasibətlərin qurulması, həm də iqtisadi ticarət əlaqələrinin şaxələndirilməsi, inkişaf etdirilməsi baxımından Azərbaycan hər zaman fəal olub və dünya ölkələri Azərbaycanın etibarlı tərəfdaş olduğunu və böyük əməkdaşlıq potensialına malik olduğunu görərək onunla əlaqələrini inkişaf etdirməkdədirlər. Eyni zamanda rəsmi Bakının bir çox təşəbbüsləri dünya ölkələri tərəfindən dəstəklənir, çünki bu təşəbbüslər əksər ölkələrin maraqlarına cavab verir və onlar Bakının təşəbbüslərini əlavə dəstək, çıxış yolu kimi görürlər. Bu mənada neokolonizmə qarşı mübarizə istiqamətində Bakı təşəbbüsü olduqca uğurlu platforma kimi özünü təsdiqlədi. Afrika ölkələri Bakı təşəbbüsünə çox böyük ümidlər bəslədiklərini nümayiş etdirməkdədirlər. Konqo Respublikasının Prezidentinin Azərbaycana səfəri çərçivəsində də biz bir daha gördük ki, Bakı Təşəbbüs Qrupu Afrika ölkələri üçün diqqət mərkəzindədir, Afrika ölkələrinin sanki bir ümid yerinə çevrilib. Azərbaycan Prezidenti də andiçmə mərasimində bir daha vurğuladı ki, Azərbaycan bundan sonra daha fəal şəkildə neokolonizmə qarşı mübarizə aparan ölkələrin yanında yer alacaq”.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatına rəhbərlik dövründə Azərbaycan bütövlükdə hərəkat üzvləri arasında dinamik əməkdaşlıq imkanlarını genişləndirəcək, onları təşviq edəcək mövqe sərgiləyib: “Biz görürük ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrlə Azərbaycan arasında xüsusilə əməkdaşlıq, münasibətlər dinamik inkişaf etməkdədir. Konqo ilə Azərbaycan arasında münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsi Konqo Respublikasının Prezidentinin Azərbaycana səfərindən sonra yeni bir mərhələyə keçmiş olacağının hesab edirəm. Bu, həm də bütövlükdə Afrika qitəsi ölkələri ilə Azərbaycan arasında əməkdaşlığa təkan verəcək. Konqo Respublikası da təbii resurslarla zəngindir, neft-qaz ehtiyatlarına sahibdir. Bu ölkədə təcrübələrin qarşılıqlı mübadiləsi, birgə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi sözsüz ki iki ölkə arasında və ümumiyyətlə Afrika qitəsi ölkələri arasında yeni bir münasibətlər mərhələsini şərtləndirmiş olacaq. Konqo Respublikası ilə Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq və münasibətlər mərhələsinin yaranması gələcəkdə digər Afrika ölkələri ilə də Azərbaycan arasında geniş əməkdaşlığı təmin edəcək. Çünki bu əməkdaşlığın, bu münasibətlərin tarixi kökləri mövcuddur. SSRİ dövründə bir sıra Afrika ölkələrindən tələbələr Azərbaycan ali məktəblərində təhsil alırdılar. Yəni əlaqələrin əsası - bünövrəsi mövcuddur. Keçmiş münasibətlər, əməkdaşlıq təcrübəsi də bundan sonrakı mərhələdə Afrika ölkələri ilə Azərbaycan arasında münasibətlərin, əməkdaşlığın inkişafına təkan verən amillər rolunda çıxış edəcək”.