Lənkəranda II Kitab Sərgisi açılıb

Lənkəranda II Kitab Sərgisi açılıb

Azərbaycanın 2024-cü il üçün gənclər paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirilir.

“Birxeber.Az”un cənub bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində bu gün start verilən sərgi iki gün davam edəcək.

Mərasim Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Sərginin təşkilində ölkənin 30-a yaxın aparıcı nəşriyyatı, 70 nəfərə yaxın yazıçı və ziyalıların iştirakı gözlənilir. Tədbir çərçivəsində maraqlı proqram və çoxçeşidli kitabların 20-90% arası endirimli satışı, eləcə də nümayişi nəzərdə tutulub.

Müxtəlif endirimlərin tətbiq olunduğu kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olunacaq.

Sərgi lənkəranlı oxucular tərəfindən məmnuniyyətlə qarşılanıb və böyük marağa səbəb olub. Kitabsevərlər bu kimi tədbirlərin oxucuların sayının artmasına və gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar. Həmçinin, kitab sərgilərinin keçirilməsinin cəmiyyətdə kitaba olan marağın artırılmasına və mütaliə mədəniyyətinin təbliğ olunmasına xidmət etdiyi qeyd olunub.