“Qarabağ” rəsmisi Andrey Lunyovla bağlı məlumata münasibət bildirib

“Qarabağ” rəsmisi Andrey Lunyovla bağlı məlumata münasibət bildirib

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın qapıçısı Andrey Lunyovun yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Klub rəsmisi “Report”a açıqlamasında rusiyalı qapıçının meneceri Anton Smirnovun ölkəsinin mətbuatına səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, qeyd olunan məbləği və menecerin danışıqların məhz klub tərəfindən mətbuata sızdırıldığı barədə iddiasını təkzib edib: “Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların haradan çıxdığı, kim tərəfindən uydurulduğu bizə məlum deyil. Biz də belə bir məsələ olduğunu mətbuatdan oxumuşuq”.

Qeyd edək ki, Anton Smirnov “RB Sport”a müsahibəsində Andrey Lunyovun “Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər variantları nəzərdən keçirəcəklərini bildirib. 32 yaşlı qolkiperin ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.