Fuad Hüseynəliyev: Cənubi Qafqazın təhlükəsizliyini Azərbaycanın iştirakı olmadan nəzərdən keçirmək olmaz

Fuad Hüseynəliyev: Cənubi Qafqazın təhlükəsizliyini Azərbaycanın iştirakı olmadan nəzərdən keçirmək olmaz

Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri Azərbaycanın iştirakı olmadan nəzərdən keçirilə bilməz.

Bunu “Birxeber.Az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Avropa İttifaqı-ABŞ-Ermənistan formatında Brüsseldə bu gün keçirilməsi planlaşdırılan görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə son zəngləri ABŞ və Avropa İttifaqının (Aİ) rəsmi Bakının bu məsələdə mövqeyindən narahat olduğunu göstərir:

“Əslində, Azərbaycanın bununla bağlı mövqeyi müəyyən əlavə məlumatlara əsaslanır. Bu məlumatlara görə, bu görüş Azərbaycan-Ermənistan münasibətlərinə təsir etmədən ötüşməyəcək. Rəsmi Bakı bu məsələyə dair narahatlığı müxtəlif platformalarda ifadə edib. Azərbaycan iştirak etmədən regionda təhlükəsizlik məsələlərini müzakirə etmək mümkün deyil. İndi Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olması üçün əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır”.

O qeyd edib ki, sülh müqaviləsinin bağlanması kontekstində Ermənistanın təhlükəsizliyi və onunla hərbi əməkdaşlıq imkanlarının müzakirə oluna biləcəyi görüşün keçirilməsi prosesə mənfi təsir göstərəcək:

“Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bəyan edib ki, Ermənistanla qısa müddət ərzində sülh müqaviləsi bağlanmalıdır. Dörd il keçsə də, Ermənistan müxtəlif bəhanələrlə bu məsələni həll etmir, bəzi razılaşdırılmamış məsələlərin olduğunu söyləyir. Amma məlum olduğu kimi, sülh sazişi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır və bu sülh müqaviləsi layihəsində qeyri-adi heç nə yoxdur. Bu görüş Ermənistanda Azərbaycanla danışıqlarda bəzi məqsədlər üçün əlavə illüziyalar yaradır”.