FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib - VİDEO

FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən “Giltex” MMC-yə məxsus pambıq anbarında yanğın-taktiki təlim keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən anbar tipli obyektlərdə, eləcə də açıq sahələrdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidə “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə FHN-in 9 texnika və 65 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.