“Bank Melli İran”nın Bakı Filialı bu il 7 mln. manat kiçilib - Təhlil

“Bank Melli İran”nın Bakı Filialı bu il 7 mln. manat kiçilib - Təhlil

“Bank Melli İran”nın Bakı Filialı 2024-cü ilin birinci rübünü 2,49 milyon manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur.

"Birxeber.Az-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə filial 1,15 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 44,4% çoxdur. Filialın faiz xərcləri isə cəmi 285,6 manat təşkil edib.

Ötən ildən etibarən “Bank Melli İran” kredit verilişini dayandırdığı üçün aktivlər üzrə ehtiyat ayırmalardan 1,78 milyon manat vəsaiti geri çəkib. Bu isə 2023-cü ilin eyni dövrünə nisbətən 12,7 dəfə çoxdur. Başqa sözlə, bu amil Filialın xalis mənfəətinin kəskin artmasına təsir edib.

Bununla belə, ilin əvvəli ilə müqayisədə “Bank Melli İran”ın Bakı Filialı 5,8% kiçilib. Belə ki, bu il aprelin 1-nə Filialın cəmi aktivləri 6,9 milyon manat azalaraq 114,8 milyon manat təşkil edib. Həmçinin, kredit portfeli 21,4% (875 min manat) azalaraq 3,2 milyon manat təşkil edib. Ötən ilin sonunda bu rəqəm 4,1 milyon manat təşkil edib.

Ən böyük azalma isə qiymətli kağızlara edilən investisiyalarla bağlı olub. Belə ki, İran bankı son üç ayda qiymətli kağızlara investisiyaları 9,8 milyon manat azaldaraq 25,3 milyon manata endirib.

Bu il aprelin 1-nə bankın öhdəlikləri ilin əvvəlinə nisbətən 9,4 milyon manat və ya 11,7% azalaraq 71,18 milyon manata enib. Filialın cəmi kapitalı isə bu dövrdə 6% artaraq 43,6 milyon manata bərabər olub.