Firudin Tağıyev: "Peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri potensial təhlükələrdən qoruya bilər"

Firudin Tağıyev: "Peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri potensial təhlükələrdən qoruya bilər"

Azərbaycanda peyk şəkilləri və uzaqdan zondlama üsulları vasitəsilə torpaqdan istifadədə dəyişiklikləri xəritələyə, məhsul növlərini müəyyən edə və zamanla məhsulun sağlamlığına nəzarət oluna bilər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Bakıda keçirilən "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində deyib.

"Bu məlumat fermerlər və digər maraqlı tərəflər üçün əvəzolunmazdır, çünki o, bizə riskləri azaltmaq və dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir. Məsələn, peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri quraqlıq, zərərvericilərin yayılması və ya ekstremal hava hadisələri kimi potensial təhlükələr barədə xəbərdar edə bilər ki, bu da onlara məhsullarını və dolanışıq vasitələrini qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir", - F. Tağıyev bildirib.

O əlavə edib ki, peyk məlumatlarını yerüstü müşahidələr və meteoroloji məlumatlarla inteqrasiya etməklə fermerlərə kənd təsərrüfatı əməliyyatlarının idarə edilməsində vaxtında və effektiv seçim etmək imkanı verən qərar qəbul etmək üçün dəstək mexanizmləri hazırlana bilər.

Nazirliyin rəsmisi qeyd edib ki, peyk monitorinqi dəqiq kənd təsərrüfatı (əkinçilik) təcrübələrinin həyata keçirilməsini asanlaşdırır, resurs səmərəliliyini optimallaşdırır.

"Gübrələrin, pestisidlərin və suvarmanın tətbiqini dəqiq şəkildə hədəfləməklə biz tullantıları minimuma endirə, ətraf mühitə təsirləri azalda və iqlim dəyişikliyi qarşısında kənd təsərrüfatı sistemlərimizin dayanıqlığını artıra bilərik", - F. Tağıyev əlavə edib.