UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrin sayına görə ölkədə liderdir

UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrin sayına görə ölkədə liderdir

UNEC-də keçirilən Elm Günlərinin yekun tədbiri keçirilib.

Universitetdən Birxeber.Az-ya verilən xəbərə görə, tədbirin açılışında çıxış edən rektor professor Ədalət Muradov Elm Günləri çərçivəsində UNEC-də elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələrin təşkil olunduğunu bildirib.

Müzakirələr zamanı aşkarlanan zəif tərəflərin aradan qaldırılması ilə bağlı müvafiq qərarların verildiyini diqqətə çatdırıb.

Professor Ədalət Muradov elm sahəsində əldə olunan uğurlardan da danışıb. O, UNEC alimlərinin 1975-ci ildən 2024-cü ilədək Web of Science və Scopus platformalarında dərc olunan məqalələrinin 63 faizinin məhz son 5 ilin payına düşdüyünü qeyd edərək, bu statistikanı çox böyük uğur adlandırıb. Qeyd olunub ki, AMEA-nın tədqiqat institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrinin sayına görə ölkədə 1-ci yerdədir.

Ədalət Muradov məqalələrə istinad sayına görə elm sahəsində beynəlxalq şəbəkələşmənin olmamasını mənfi hal kimi qiymətləndirib.

Sonra Elm üzrə prorektor dosent Fariz Əhmədov martın 27-dən start verilən və aprelin 4-dək davam edən Elm günləri çərçivəsində keçirilən müzakirələr və onların nəticələri barədə yekun hesabatla çıxış edib. Bildirib ki, Elm günlərində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, elmi jurnalların və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi, tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, elmin rəqəmsallaşdırılması, tələbələrin tədqiqat bacarıqlarının artırılması yolları ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda sadalanan sahələr üzrə mövcud problemlərin aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilib.

Tədbirdə "2023-cü ilin elmmetrik göstəriciləri. İnfoqrafik Məlumat" kitabının təqdimatı da olub.

Sonda elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları, tələbə və tədqiqatçıları, tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə təltif olunub.