AMB “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nı təsdiq edib

AMB “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nı təsdiq edib

Azərbaycan Mərkəzi Bankı “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nı təsdiq edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qərar imzalayıb.

Bu qayda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən hazırlanıb və gücləndirilmiş müştəri autentifikasiyasının (GMA) tətbiqinin tələb edilmədiyi halları və ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən GMA ilə bağlı tələbləri müəyyən edir.

Qaydaya görə, ödəniş xidməti təchizatçısının fəaliyyətinin bu Qaydadan irəli gələn tələblərə uyğunluğu daxili audit xidməti tərəfindən ən azı ildə 1 dəfə yoxlanılmalı və yoxlama üzrə hesabat hər il yanvarın 15-dən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Daxili auditin yoxlama üzrə hesabatı bu Qaydanın tələbləri üzrə qiymətləndirməni, habelə fırıldaqçılıq dərəcələrinin hesablanmasını və tələblərə uyğunluğu əks etdirməlidir.