Azərbaycanda kiçik məbləğli ödəniş alətləri üçün meyarlar müəyyən edilib

Azərbaycanda kiçik məbləğli ödəniş alətləri üçün meyarlar müəyyən edilib

Azərbaycanda iki meyara cavab verən ödəniş alətləri kiçik məbləğli ödəniş alətləri hesab olunacaq.

"Report" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin təsdiqlədiyi “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da öz əksini tapıb.

Qərara əsasən, həmin meyarlar aşağıdakılardır:

- bir alət üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının məbləği 300 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan çox olmamalıdır;

- həmin alətdə saxlanılan pul vəsaitinin məbləği 300 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.

Bundan başqa, qərarda deyilir ki, ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş alətləri aşağıdakı tələblərə cavab verməlidir:

- yalnız ölkədaxili ödəniş əməliyyatları üzrə istifadə oluna bilər;

- pul köçürməsinin aparılması və pul vəsaitinin nağd qaydada məxarici üçün istifadə oluna bilməz;

- istifadəçisi yalnız fiziki şəxslər ola bilər.