Türkmənistan ABŞ biznesi ilə artan qarşılıqlı əlaqələri alqışlayır

Türkmənistan ABŞ biznesi ilə artan qarşılıqlı əlaqələri alqışlayır

Türkmənistan ABŞ ilə münasibətlərin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişafına böyük əhəmiyyət verir və bu ölkədəki şirkətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsini alqışlayır.

“Report” rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistan-ABŞ biznes şurasının icraçı direktoru Erik Stüartla görüşündə deyib.

Türkmənistan rəhbəri, nəşrin yazdığı kimi, ABŞ-nin böyük şirkətlərinin Türkmənistan bazarında strateji əhəmiyyətli sektorlarda uğurla fəaliyyət göstərdiyini qeyd edib. Onların arasında “Boeing”, “General Electric”, “John Deere”, “Case New Holland” şirkətləri var – hamısı Türkmənistanda mühüm layihələr həyata keçirir. Dövlət başçısı bildirib ki, getdikcə daha çox Amerika işgüzar dairələrinin nümayəndələri Türkmənistanla qarşılıqlı fəaliyyətə maraq göstərirlər.

Əməkdaşlığın intensivləşdirilməsi üçün mümkün sahələr arasında Sərdar Berdiməhəmmədov neft-qaz sektoru, elektrik enerjisi, bərpa olunan enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, yüksək texnologiyalar və s.-in adını çəkib. O əlavə edib ki, Türkmənistan biznes şurasının konkret təkliflərini nəzərdən keçirməyə hazırdır.

2023-cü ilin dekabrına olan məlumata görə, Türkmənistanda Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 3,3 milyard dollar olan 180 layihə qeydə alınıb.