Stoltenberq Gürcüstanda "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşı çıxıb

Stoltenberq Gürcüstanda "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşı çıxıb

Gürcüstanda "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşıyam.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sözügedən qanunun tətbiqi əslində Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir cəhddir.

Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir:

"Mən bir neçə həftə əvvəl Tbilisidə oldum, təbii ki, əsas mesajlarımdan biri islahatların, demokratik təsisatların gücləndirilməsinin vacibliyi idi. Gürcü xalqı da açıq şəkildə bildirdi ki, onlar Avropa, Avro-Atlantik ailəsində demokratik, firavan gələcək istəyirlər. Ona görə də qorxuram ki, bu “xarici agentlər” ideyasını təqdim edən hər hansı qanun Gürcüstanda da fəaliyyət göstərən mediaya təsir göstərərək, ölkəni daha güclü və daha demokratik cəmiyyətə çevirmək ideyasını sarsıdacaq".

Xatırladaq ki, aprelin 3-də “Xarici agentlər haqqında” qanun layihəsi yenidən parlamentə daxil olub.