Bayden Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu söyləyib

Bayden Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu söyləyib

ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu deyib.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilib ki, telefon danışığı zamanı Bayden Netanyahu ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

“Prezident Bayden humanitar işçilərə hücumların qəbuledilməzliyini, həmçinin [Qəzza zolağındakı] ümumi humanitar vəziyyətə diqqət çəkib”, – mətbuat xidməti bildirib.

Amerika lideri bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə zərəri qabaqlamaq üçün konkret addımlar “təqdim etməli və həyata keçirməlidir”. Ağ evin mətbuat xidməti vurğulayıb ki, ABŞ-nin Qəzza zolağına dair siyasəti Amerika administrasiyasının İsrailin bu sahədəki “təcili tədbirləri” ilə bağlı “qiymətləndirmələri” ilə müəyyən ediləcək.