Polşada ukraynalıları daşıyan avtobus aşıb, 20 nəfər xəsarət alıb

Polşada ukraynalıları daşıyan avtobus aşıb, 20 nəfər xəsarət alıb

Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

APA-nın “TVN24” telekanalına istinadən verdiyi məlumata görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.

Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.