İran XİN başçısı: Qəzzada böhranın davam etməsinə görə ABŞ məsuliyyət daşıyır

İran XİN başçısı: Qəzzada böhranın davam etməsinə görə ABŞ məsuliyyət daşıyır

ABŞ İsraili dəstəkləməklə Qəzza zolağında böhranın davam etməsinə görə günahkardır.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Tamamilə aydındır ki, Qəzza zolağında müharibənin davam etməsində günahkar olan və onun bitməsinə mane olan Birləşmiş Ştatlardır”, - nazirin XİN-in teleqram kanalında yerləşdirilmiş bəyanatda deyilir.

Abdullahian Qəzzadakı humanitar vəziyyətlə bağlı bəzi müsəlman ölkələrinin hökumətləri, BMT-nin Baş katibi Antoniu Quterreş və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə geniş məsləhətləşmələr apardığını bildirib.

O qeyd edib ki, danışıqlar zamanı Qəzza zolağına humanitar yardımın göstərilməsinin prioritet olması və müharibənin dayandırılmasının zəruriliyi vurğulanıb. “BMT Baş katibinin və BQXK rəhbərinin bu istiqamətdə mühüm addımlar atdığını gördük, lakin Ağ Ev və bəzi Qərb ölkələrinin hökumətləri İsrail hakimiyyəti ilə əl-ələ verdikləri üçün bu humanitar səylər hələlik istənilən nəticəni verməyib”, - nazir fikrini yekunlaşdırıb.