Milli Məclisin sədri Konqo Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Konqo Prezidenti ilə görüşüb

Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O inamını ifadə edib ki, bu səfər Prezident İlham Əliyevlə aparılan danışıqlar və əldə olunmuş razılaşmalar Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük təkan verəcək.

Görüşdə qeyd olunub ki, Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, mədən sənayesi, hərbi sənaye, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb.

Konqo Respublikasının Prezidenti Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib və iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin tərəflərin siyasi iradəsinin göstəricisi olduğunu söyləyib. Qarşılıqlı münasibətlərin inkişafı üçün hər iki ölkənin böyük potensialı olduğunu deyən Konqonun dövlət başçısı bu sahədə parlamentlərin də mühüm rol oynayacağını qeyd edib.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. Spiker Sahibə Qafarova Milli Məclisin Konqo Respublikasının həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələrini inkişaf etdirməyə hazır olduğunu qeyd edib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətlərə töhfə verə bilər.

Milli Məclisin sədri deyib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Onlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Azərbaycanın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə iştirak edir. Konqo parlamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək.

Konqo Respublikasının Prezidenti ölkəsinin qanunverici orqanının Azərbaycan parlamenti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq, qarşıdakı dövrdə bu istiqamətdə fəal addımların atılacağına inamını ifadə edib.

Konqo Respublikasının Prezidenti xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də bizim ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacağıq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.