Alim: COP29 “yaşıl enerji”yə keçid məsələsində ən önəmli maarifləndirmə işidir

Alim: COP29 “yaşıl enerji”yə keçid məsələsində ən önəmli maarifləndirmə işidir

“COP-29-un Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan bu cür beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Hətta Ermənistan belə bu tədbirin Azərbaycanda keçirilməsinə etiraz etmədi”.

Bunu APA-ya AMEA Coğrafiya institutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev deyib.

Nəriman Paşayev COP29-un “yaşıl enerji”yə keçid məsələsində ən önəmli maarifləndirmə işi olduğunu bildirib: “Əvvəlcə onu deyim ki, bu gün “yaşıl enerji”yə keçidi dəstəkləyən ilk növbədə Avropa ölkələridir. Çünki Avropa ölkələrində artıq demək olar bütün faydalı qazıntılar tükənib. Həm də dünyada qlobal istiləşmə baş verir. Qlobal istiləşmə özü-özlüyündə fəsadlar yaradır. Ona görə də əksər inkişaf etmiş ölkələr qarşıya məqsəd qoyub ki, ümumi daxili məhsulun (ÜDM) 2%-ə qədəri “yaşıl enerji”yə keçidə sərf edilsin”.

Alimin sözlərinə görə, “yaşıl enerji”yə keçid üçün Azərbaycanda ən uyğun bölgələr Qarabağ və Şərqi Zəngəzur hesab edilir. Belə ki, bu bölgələrdə hər şeyə sıfırdan başlanılır: “Söhbət burada “yaşıl tikinti”, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”dan gedir, yəni sıfır tullantı... Çünki bu, “yaşıl enerji”yə keçidin əsas tələbidir. Tullantısız texnologiyadan istifadə mütləqdir”.

Şöbə müdiri Azərbaycan Respublikasının ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji resurslarının payının 2030-cu ilədək 30 faizə çatdırılmasının nəzərdə tutulduğunu xatırladıb: “Hazırda bu rəqəm 7-10%-ə qədərdir. Bizdə hazırda günəş və külək elektrik stansiyaları qurulur. “Yaşıl enerji” heç vaxt tükənmir, daima bərpa olunur. Qeyd etməliyəm ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb ki, bu da ölkəmizdən Avropaya uzanan “yaşıl enerji” dəhlizi deməkdir”.

Nəriman Paşayev qeyd edib ki, “yaşıl enerji”yə keçid həm də iqtisadi baxımdan vacibdir, çünki çox sayda iş yerləri açılır: “Bu gün dünyada alternativ enerjidən istifadə edən əsas iki dövlət var: İslandiya və Kanada. İslandiya artıq 90% “yaşıl enerji”dən istifadə edir”.

Dünyada alternativ enerjinin növlərinin çox olduğunu vurğulayan alim deyib ki, Azərbaycan bu sahədə də çox şanslıdır. Xüsusilə Bakıda həm külək, həm günəş enerjisi boldur.

O, karbon qazı emissiyasının minimum həddə endirilməsi üzrə Azərbaycanın öhdəlik götürdüyünə diqqət çəkib: “2030-cu ilə qədər atmosferdəki karbon qazı emissiyasının miqdarı 1990-cı illərdəki səviyyəsinə çatdırılmalıdır. Karbon qazı emissiyasını endirmək üçün bizim imkanımız var. Amma bu, birdən-birə mümkün ola biləcək bir proses deyil”.

Alim “yaşıl enerji” və bərpaolunan enerji istehsalına keçidinin ləngidiləcəyi təqdirdə, dünyanı bir sıra çətinliklərin gözlədiyini də diqqətə çatdırıb: “Dünyada qlobal istiləşmə gedir. Bir sabah ayılıb görə bilərik ki, bütün Avropa, 40-dan çox ölkə suyun altında qalıb. Çünki qlobal istiləşmə kütləvi surətdə buzlaqların əriməsinə səbəb olur”.

Onun sözlərinə görə, karbon emissiyaları azalarsa, temperatur da idarə oluna bilər: “Bütün bunlar hamısı insan sağlamlığına təsir edən amillərdir. İnsanlar da təbiətə həssas yanaşmalıdır. Tullantılar düzgün idarə olunmalıdır. Tullantısız, daha az tullantı ilə yaşamağı öyrənməliyik. Bu gün küçələrdə tullantılar var. Bunlar hamısı həm də vətəndaş məsuliyyətidir. Eyni zamanda, təbii ki, ətraf mühiti çirklənmədən xilas etmək üçün tullantısız texnologiyaya keçmək lazımdır”.

Nəriman Paşayev onu da qeyd edib ki, Azərbaycan nəinki “yaşıl enerji”dən istifadəni 2030-cu ilədək 30%-ə çatdıra bilər, həm də 2050-ci ilədək bu göstəricini 50%-dək qaldıra bilər: “Bu zaman biz neftə, təbii qaza qənaət etmiş olacağıq. Neftin tükənməsi üçün cəmi 100 il lazımdır. Beləliklə, bunun qarşısı da alınacaq”.