Azərbaycan gimnastı: Olimpiadada medalçılar sırasında yer ala bilərəm

Azərbaycan gimnastı: Olimpiadada medalçılar sırasında yer ala bilərəm

Finalda öz çətin proqramımı yerinə yetirə bilsəm, bəlkə də olimpiadada medalçılar sırasında yer ala bilərəm. Bunun üçün daha çox çalışacağam.

Bunu "Birxeber.Az"a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.

20 yaşlı idmançı Fransa paytaxtında ilk hədəfinin ölkəmizi layiqincə təmsil etmək olduğunu vurğulayıb: "Bu mənim üçün ilk olimpiadadır. İnanıram ki, final mərhələsinə vəsiqə qazanacağam. İdmanda hər şey ola bilər".

Mahsudova olimpiadaya lisenziya qazandığı üçün sevindiyini söyləyib: "Çünki bu, batut gimnastikası tariximizdə ilk lisenziyadır. Məşqçimlə qarşımıza qoyduğumuz məqsədə çatdıq. Bu həm də arzumuz idi. Ölkənin tarixinə düşdüyüm üçün şadam. Məncə, bu lisenziya batut gimnastikasının populyarlaşmasına səbəb olacaq. Batut gimnastikasının olimpiadada təmsil olunması bu növə axını artıracaq".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul – 11 avqust aralığında Parisdə keçiriləcək.