Prezident: Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial var

Prezident: Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial var

Bizim ölkələrimiz arasında çox böyük potensial var.

"Birxeber.Az" xəbər verir ki, bunu Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

O səfərə görə, Azərbaycan liderinə təşəkkür edib: "Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm".

Görüşdə müzakirə olunan məsələlərdən danışan Deni Sassu-Nqesso bildirib: "Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.

Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik".