ARDNF-nin I rübdə “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

ARDNF-nin I rübdə “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 78,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Birxeber.Az"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin I rübü ilə müqayisədə 567,859 milyon ABŞ dolları və ya 8,2 dəfə azdır.

Bu ilin ilk rübündə Neft Fonduna daxil olan vəsaitlərin 15,7 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 112,466 milyon ABŞ dolları və ya 8,16 dəfə azdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 646,359 milyon ABŞ dolları, o cümlədən 128,166 milyon ABŞ dolları kondensatın satışından olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).