Çingiz Əlioğlu: Qarabağ barədə şeirin ən mükəmməlini Azərbaycan Ordusu yazıb - MÜSAHİBƏ

Çingiz Əlioğlu: Qarabağ barədə şeirin ən mükəmməlini Azərbaycan Ordusu yazıb - MÜSAHİBƏ

“Bu gün tamam ayrı, tam başqayam mən,

Bir kəsək dalında, qum kölgəsində

Gizlənə bilən bir qarışqayam mən!” – deyən şairimizi küçə-küçə, məhəllə-məhəllə bir xeyli axtardıq. Belə baxanda, yaşadığı ünvan o qədər də çətin tapılan yer deyildi. Amma...

Amması odur ki, “Ünvan tam buradır” dediyimiz məhəllədə şair Çingiz Əlioğlu yox, Çingiz müəllim deyəndə səsimizə səs verdilər. Biz də bu səsin bir ucundan yapışıb özümüzü göyün bir qatında – binanın dördüncü mərtəbəsində tapırıq. Qəhrəmanımız onsuz da şeirlərinin çoxunu elə burada – göy üzündə yazıb. Özü belə deyir...

Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi Çingiz Əlioğlunun Birxeber.Az-ya müsahibəsi

– Çingiz müəllim, qarşıdan 80 illik yubileyiniz gəlir. Özünüzü necə hiss edirsiniz? Necə keçdi bu 80 il?

– Deyilənə görə, pis deyiləm. Özüm də yaxşı hiss edirəm. Ömrüm də kifayət qədər yaxşı keçib.

– Qarabağ azad olunandan sonra o torpaqlara səfər etmisiniz? Bildiyimə görə, əslən Füzulidənsiniz. Atanız isə Malıbəylidən olmalıdır.

– Yox. Təəssüf ki, gedə bilməmişəm. Doğru deyirsiniz, atam Malıbəylidəndir, ana tərəfim isə Füzulidən. Amma mən özüm Bakıda doğulmuşam. Orta məktəbi Füzulidə oxumuşam. Ondan sonra Neft-Kimya İnstitutuna daxil oldum və bununla da, Qarabağ torpaqlarından, demək olar ki, birdəfəlik çıxdım. Yəni taleyin gərdişi belə gətirib. Sözün düzü, yenə oraları görmək istəyirəm. Amma hazırda ayaqlarım imkan vermir. Yeriyə bilmirəm. Yay gəlsin, düşünürəm ki, oraları görmək arzumu reallaşdıra biləcəyəm.

– Hazırda nə yazırsınız? Məsələn, soruşsam ki, son şeirinizdə son yazdığınız misra hansıdır?

– Yox, belə konkret deyə bilmərəm. Amma, sözsüz, boş deyiləm. Şeirlər yazıram. Poema yox. Poema üzərində işləmək indi çətin gəlir mənə.

– Bəs qələbədən sonra sırf Qarabağ Zəfərini özündə əks etdirən nəsə yazdınızmı?

– Bilirsiniz, mən o cür mövzuların şairi olmamışam. Mənim deyəcəyimin ən mükəmməl formasını Azərbaycan əsgəri deyib. O bayraq ki, ora sancıldı ha... Şuşaya, Xankəndiyə... Vəssalam!.. Bundan böyük şeir? Buna görə şair niyə özünü zorlasın ki?

– Amma sizin bu fikrinizi doğru qəbul etməyənlər də var. Onlara görə Zəfər motivi incəsənət və ədəbiyyat müstəvisində işlənməlidir. Zəfər motivi, bir növ, bədii həllini tapmalıdır.

– Mən sizə deyim, bədii həll məsələsi nə qədər ki o torpaqlar bizdə deyildi, bax onda yazılmışdı, müzakirəyə çəkilmişdi. Amma indi, dediyim kimi, ən yaxşısını ordu yazıb.

– Çağdaş Azərbaycan poeziyasını izləyirsinizmi? Müasir Azərbaycan şeiri barədə nə düşünürsünüz?

– Mən sizə düzünü deyəcəyəm. Hazırda çox da məşğul olmuram. Maraqlana bilmirəm. Oxuya bilmirəm.

– Niyə?

– Çünki mən oxuduqlarımı zamanında artıq oxumuşam.

– Bu, aydın məsələdir. Siz kifayət qədər mütaliəli adamsınız. Amma çağdaş ədəbi proses heç sizə maraqlı gəlmir?

– Əlbəttə, maraqlı gəlir. Və az-çox məlumatım var. Amma konkret ad çəkmək bir az çətindir, yaxud rəy vermək də eləcə. Bunun üçün davamlı izləməyim, davamlı oxumağım lazımdır.

– Sizin ədəbi nəsil hazırkı çağdaş ədəbi prosesi qəzet və jurnallardan izləyir. Məsələn, sonuncu dəfə “Ədəbiyyat qəzeti”ni nə vaxt almısınız?

– Təəssüf ki, xatırlamıram. Almıram. Buna da bilavasitə səbəb yenə də ayaqlarımdır. Amma deyim ki, bəzən oğlanlarım alıb gətirir. Vərəqləyirəm.

– Sizi şair olaraq Rəsul Rza məktəbinin davamçısı kimi təqdim edirlər. Sərbəst şeir... Ağ şeir... Səhv etmirəmsə, sizin ağ şeir formasında poemanız da var: “Diaspora” poeması.

– Bəli. Şeir elə bir sirr-aləmdir ki, necə yaranırsa, o cür də onu təqdim etməlisən.

– Yəni şeiri qəlibə salmağın tərəfdarı deyilsiniz.

– Qəti şəkildə! Ona görə sizin də qeyd etdiyiniz kimi, ağ şeir... yəni söhbət qafiyəsiz şeirdən gedir. Sizə deyim ki, mən bu gün şeirlərimi oxuyan zaman ağlıma bəzən belə bir sual gəlir: mən bunu necə yazmışam? Nə vaxt yazmışam? Hansı hisslər altında yazmışam?

– Bəs yazı prosesinə hansı aralıqda zaman ayırırsınız?

–Yox, bu sirdir. Mən sizə bu sirri aça bilmərəm. Günahdır.

– Şairlər bir az sirli-sehrli qalsa, yaxşıdır elə.

– Ay sağ olun.

– Sizin “Çərçivə” adlı kitabınızın Rusiyada 35 000 dollar mükafat aldığını deyirdilər. Bu doğrudur?

– Bəli, tamamilə, doğrudur. Və mən o mükafatı son qəpiyinə qədər nəşriyyata bağışladım. Kitab 10 gün içərisində hazır olmuşdu.

– Aydın məsələdir ki, nəşriyyatın təşəbbüsünü qiymətləndirmək lazımdır. Amma necə düşünürsünüz, müəllif kimi o mükafatda sizin haqqınız yox idi ki?

– Haqqım, əlbəttə, var idi. Sadəcə, mənim o pula ehtiyacım yox idi.

– Baxın, ehtiyac deyirik. Yeri gəlmişkən, siz müəyyən vəzifələrdə olmusunuz. Bəzən deyirlər ki, bu kimi postlar, adətən, yaradıcılığa mane olur.

– Yox, mən qətiyyən belə düşünmürəm. Üstəlik, elə idi ki, mənim sözügedən məmur postlarında olmağım normal idi. Yəni mən məmur olmaya bilməzdim. Çünki artıq işə başlayandan ard-arda müxtəlif vəzifələrə təyinat alırdım. Bu da təsadüf deyildi. Bacarırdım.

– Yorulmurdunuz bəs? Fiziki və zehni yorğunluq, üstəgəl yaradıcılıq.

– Xeyr. Beyin gərək beyin ola ki, həm iş prosesini, həm də yaradıcı prosesi idarə edə bilsin. 72 yaşıma qədər işləmişəm. Heç bir problemsiz.

– Dedik ki, o vaxt sizin bir kitabınız müsabiqəyə qatıldı və çox böyük məbləğdə mükafat qazandı. İndi yaradıcılıqla bağlı qonorar sistemi, nəşriyyatla müəllif arasındakı iş, mükafat məsələləri bu formada deyil. Yəni yaradıcı stimul yox dərəcəsindədir.

– Sözün açığı, mənim bu məsələlərdən o qədər də xəbərim yoxdur. Marağında olmamışam. Amma dediyiniz kimidirsə, əlbəttə, buna təəssüf edirəm. Gənclər üçün, istedadlı imzalar üçün bu cür fürsətlərin yaradılması yaxşı olardı. Yenə də təkrar edirəm, bu mövzularla yaxından maraqlanmamışam. Məsələn, bu kitablar, – masadakı kitabları göstərir, – Rusiyada, Belarusda çapdan çıxıb. Mən bunların heç birinin qonorarı ilə maraqlanmamışam. Başqa xarici ölkələrdə də kitabların nəşr olunub. Heç birinin....

– Amma ehtiyacı olanlar var...

– Əlbəttə, dediyiniz halların olması məni təəssüfləndirir.

– Aydındır. Çingiz müəllim, sizin bir zamanlar ciddi tərcümə fəaliyyətiniz olub. İndi necə?

– Demək olar ki, yox. Son tərcümə etdiyim kitab iki cildlik dünya ədəbiyyatı ilə bağlı olub. Müntəxəbat idi. Ən azı, on il keçib üzərindən. İndi məşğul deyiləm.

– Bəs necə oldu ki, “Gün keçdi” filminə çəkildiniz?

– Rəhmətlik Arif Babayevə böyük hörmətim var idi. Bir gün küçədə mənimlə rastlaşanda qayıtdı ki, sabah kinostudiyaya gələ bilərsən?

– Ona qədər tanışlığınız var idi?

– Yox, bu, sadəcə, təsadüf idi. Səhəri gün getdim kinostudiyaya. Məlum oldu ki, məni filmə çəkmək istəyirmiş. Razılaşdım.

– Bundan əlavə, Vaqif Mustafayevin “Yaramaz” filmində də varsınız. Bəs Vaqif müəllim necə razı saldı sizi?

– O da çox yaxşı rejissordur. Mənim ona da çox böyük hörmətim var. Bu mənada, ona da etiraz edə bilmədim. Mən Vaqif Mustafayevin başqa filminə də çəkilmişəm, amma, düzü, onun adını xatırlamıram.

– “Gün keçdi”dən sonra, yəqin ki, sizə təkliflər gəlirdi.

– Bəli, amma mən imtina edirdim. Çünki özümü aktyor hesab etmirdim.

– Bəs Vaqif müəllimə niyə yox demədiniz?

– Çünki “Yaramaz”dakı obraz, demək olar ki, mənim özüm idi. Özümü oynayırdım. Amma digər filmlər üçün özümü aktyor hesab etmirdim deyə, oynamaqda o qədər də maraqlı deyildim.

– Amma ifa etdiyiniz rollar uğursuz deyildi. Hə?

– Uğursuz olmaya bilər, amma mən özümü daha çox şair hesab edirəm. Daha doğrusu, mən özümü tam şair kimi qəbul edirəm.

– Məmur, tərcüməçi, şair, aktyor... Özünüzü daha çox hansında bütöv hiss edirsiniz?

– Təbii ki, şair. Bilirsiniz, aktyor deyirsiniz, mən özümü heç vaxt aktyor kimi hiss etməmişəm.

– Çingiz müəllim, sizə postmodernist şair demək olar?

– Düzü, buna qiymət verəcək adam mən yox, tənqidçilərdir. Amma bəli, elə fikirlər var. Yəqin ki, elə saymaq olar. Bilirsiniz, şair belə şeylər haqqında düşünməməlidir. Məni, təəssüf ki, ayaqlarım yarı yolda qoyub. Əgər belə olmasaydı, mən “sözsüz şeirlər” yazacaqdım. Ayaqlarım belə oldu, düşdüm həvəsdən... Bilirsiniz, mən belə yaşayış tərzinə öyrəşməmişəm. Bu məni, bir növ, özümdən ağır hiss etdirir. Bu da yaradıcı düşüncəmə təsir edir. İndi şeirləri də buna görə az yazıram.

– “Sözsüz şeir” necə olur ki?

– Onu mən sizə izah eləyəsi olsam, gərək bu gün axşama kimi bunun barədə danışaq.

– Ayaqlarınız nə vaxtdandır, belə olub?

– Siz yaxşı olar ki, sualı belə qoyasınız: siz neçə ildir ki, başqa adam olmusunuz? Çünki ayaqlarım belə olandan sonra mən özümü başqa adam hesab edirəm.

– Bayaq dediniz ki, özünüzü tamamilə şair hesab edirsiniz. Amma başqa bir müsahibənizdə demisiniz ki, hələ də şair olduğunuza inanmırsınız.

– Bəli. Mən hələ də buna inana bilmirəm. Amma olmuşam. Mən bunu demək istəyirəm. Olmuşam. Tam şair olmuşam. Amma necə olmuşam, bilmirəm. Bilirsiniz, mənə çox sual verilib ki, şairlik nədir? Mən bunu izah eləyə bilmirəm. Mən bunu sadəcə hiss edirəm.

– Sizin ədəbi nəsildən Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vaqif Bayatlı... Kimlərlə hazırda əlaqəniz var?

– Sözün düzü, Vaqif Bayatlını uzun müddətdir ki, görmürəm. Əvvəl çox yaxşı münasibətimiz olub. Sabir Rüstəmxanlı, Ramiz Rövşənlə isə münasibətlərimiz hələ də var. Sadəcə, ayaqlarım bir az mane olur...

– Çingiz müəllim, belə bir fikir var ki, elə sizin ədəbi nəsildən olan Vaqif Səmədoğlu “Moşu” ilə şairlik obrazına bir az zərbə vurub sanki. Siz necə düşünürsünüz?

– Sözün açığı, mən belə düşünmürəm. Bu cür düşünən adamlarla əlaqəni kəsmək lazımdır.

– Şeir yazmağa bir az gec başlamısınız elə bil.

– Mən ikinci kursda oxuyan zaman Manaf Süleymanov necəsə məni tanıyırmış. O bizə dərs demirdi, amma bizim universitetdə idi. Ona qədər mən heç vaxt yazı yazmamışdım. Günlərin bir günü məni yanına çağırıb dedi ki, V kursda kimya üzrə iki əlaçı qız var. Mən istəyirəm ki, sən onlar haqqında məqalə yazasan. Dedim, Manaf müəllim, mən ömrüm boyu belə yazı yazmamışam. Dedi, sən yaza bilərsən. Mən bunu bilirəm. Bu çox sirri-xuda məsələdir. Razılaşdım. Getdim, həmin qızlarla görüşdük. Gedib gördüm ki, iki gözəl qız...

– Siz də yaraşıqlı oğlan. Elə o gündən başladınız şeir yazmağa...

– Yox... İki gözəl qız, iki əlaçı qız... Söhbətləşdik bir xeyli. Onlara müəyyən suallar verdim. Cavabladılar. Bunun əsasında maraqlı bir məqalə yazdım.

Bir qədər ara verir... naməlum uzaqlara baxa-baxa deyir:

– Çox qəşəng qızlar idi. Çox.

– Manaf müəllim yazını bəyəndi?

– Bəli, dedi ki, çox əladır.

– Bəs şeir?

– Şeir yazmağa dördüncü kursdan başlamışam.

– Bəs onda kimi görüb ilhama gəlmişdiniz?

– O bir az uzun söhbətdir. Mənim Vidadi Paşayev adında otaq yoldaşım olub. Gəncəli idi. O mənə tez-tez yazdığı şeirləri oxuyurdu. Mən də bunun xətrinə dəyməyim deyə, deyirdim, pis deyil. Bir gün necə oldusa, əsəbiləşdim, dedim ki, bu oxuduğun çox mənasız, lüzumsuz şeirdir. Hətta dedim ki, bu, ümumiyyətlə, şeir deyil. Vidadi çox təəccübləndi. Qayıtdı ki, niyə belə deyirsən? Sən guya yaza bilərsən? Dedim, mən oturub onun iyirmisini birdən yazaram. Elə də oldu. Həmin gecə mən iyirmi şeir yazdım. Onun üçü Rəsul Rzanın təqdimatı ilə “Ulduz” jurnalında yayımlandı. Məqalə “İstedad+zəhmət+dözüm” adında idi. Rəsul Rza məni məqalədə Nazim Hikmətlə müqayisə etmişdi hətta. Bu olub 1968-ci ildə.

– Nəsə bu şeir yazmaq Vidadi Paşayev məsələsi deyil, məncə. O vaxt məqalə yazdığınız qızlardan yığılıb qalandır.

– Yox, mənim yazdığım şeirlərin heç biri sevgi şeiri deyildi. Mən o cür şair olmamışam.

– Lirikadır da, Çingiz müəllim. Lirizmin kökündə də sevgi dayanır. Yox?

– Elədir. O vaxt jurnalda çap olunan o üç şeirdən biri hələ də mənim əzbərimdədir.

Bir xeyli düşünsə də, şeiri heç cür xatırlaya bilmir. Təəssüflənir.

– Şeirlərə Paşayev nə dedi bəs?

– Paşayev sonra öz yazdıqlarını...

Yenə bir qədər düşüncələrə dalır... Mən də fürsətdən istifadə edib söhbəti zarafata çəkirəm.

– Neylədi? Yığıb yandırdı? Camaatın karyerasını məhv eləmisiniz ki...

– Daha üzə çıxarmadı və bir də heç vaxt mənə oxumadı. Düzü, bəzi normal şeirləri var idi. Amma nə bilim. Sonra nəsə yazası olmadı.

– Əlaqəniz var indi?

– Vəfat edib.

– Bəs ona qədər əlaqəniz var idi?

– Bəli. O, bir ara ”Gənclik” nəşriyyatında baş redaktor oldu. Sonra Rusiyaya köçmüşdü.

– Kitabı var idi?

– Yox.

– Bəlkə, siz bir az da tərifləsəydiniz, olardı.

Bu replikam cavabsız qalır. Çingiz müəllim sadəcə gülümsünür.

– Oğlanlarınız kino sektorundadırlar. Necə düşünürsünüz? Az da olsa, sizin təsiriniz varmı?

– Yox, düzü, bilmirəm. Böyük oğlum Tahir Əliyev yalnız mənim xətrimə burada, Bakıda qalır. Çox istedadlı, zəhmətkeş adamdır. Yəni rahat şəkildə dünyaya açıla bilər.

– Bəs niyə imkan vermirsiniz getsin?

– Darıxıram axı...

– İldə iki dəfə gəlib sizi görsün, bəsdir də.

– O sənə bəsdir, mənə bəs deyil...

– Baxın, bayaq dediniz ki, ayaqlarınızın belə olması yaradıcılığınıza müəyyən mane törədib. İndi də siz oğlunuza bir az mane olursunuz. Elə deyil?

– Yox. Elə deyil. Oğlum 70-dən çox ölkəni gəzib. Hamısını da öz istedadı ilə fəth edib. Getməklə bağlı heç bir problemi yoxdur. Sadəcə, daimi olmasın. Mən darıxıram. Onun uğurları ilə fəxr edirəm.

– Bəs kiçik oğlunuz Orman Əliyev.

– O da mənim gözümün işığı. O da çox istedadlı, zəhmətkeşdir. Direktordur. Məsuliyyətli vəzifəsi var. Oğlanlarım bir az, məncə, fərqli qütblü adamlardır.

– Çingiz müəllim, sizin məşhur olduğunuz zamanlarda şairlərlə tez-tez tələbələrin görüşü olurdu.

– Bəli. Bu görüşlər hamısı mənim yadımdadır. Özü də çox yaxşı.

– Və sizin də kifayət qədər xanım oxucularınız olub. Bu ailə qurduqdan sonra problem yaratmayıb ki?

– Yox, təbii ki. Bilirsiniz, mən on ilə yaxın veriliş də aparmışam. Ayda orta hesabla 300-ə yaxın məktub gəlirdi. Mən hətta o məktubları verirdim yoldaşıma, deyirdim, oxu, cavab yaz, mənə aid olanı mənim üçün ayır.

Yenə fürsət ikən söhbəti zarafata çəkirəm.

– Bəlkə, cavablamırdı heç?

– Yox, elə şey ola bilməzdi.

– Harada tanış olmuşdunuz?

– İş yerində.

– Hansında? Sizdə iş yeri birdir-ikidir ki?

Çingiz müəllim bu suala da bir xeyli gülür.

– “Gənclik” nəşriyyatında şöbə müdiri idim. Yoldaşım isə orada korrektor kimi çalışırdı. Heç bir ünsiyyət və tanışlığımız yox idi. Amma altdan-altdan ona göz qoyurdum. Bir gün bu qənaətə gəldim ki, bu qız mənim axtardığım və mənə lazım olan adamdır. Onda mənim 30-32 yaşım olardı. Bir gün işdən çıxdım, nəşriyyatın qarşısında trolleybus keçən yerdə gördüm ki, dayanacaqdadır. Yaxınlaşdım, əynində şuba olsa da, başı açıq idi. Mən öz papağımı çıxardım, qoydum onun başına. Dedim ki, sabah sizə elçilərim gələcək.

– Hara göndərirsiniz elçiləri? Ünvanı da bilmirsiniz heç.

– Öyrənəcəyəm də, bu çətin deyil ki. Bir müddət sonra bəstəkar Xanım İsmayılqızı mənə zəng vurub dedi ki, onun sizə cavabını babası verəcək. O da Naxçıvandadır. Bir neçə günə gələcək. Sən də elçini göndərərsən.

– Onlar haradan tanış idi?

– Bir yerdə işləyirdilər.

– Bəs xanım papaq başında getdi? Heç nə demədi?

– Hə, getdi. Amma papağı sonra qaytarmışdı. Ya da yox. Düzü, yadımda qalmayıb.

– Sizinki şairin dediyindəndir lap: sonra nə oldusa, yadıma gəlmir.

– Ay sağ ol. Amma lap sonrası yadımdadır. Babası gəldi. Görəndə əməllicə təəccübləndim. Fransız fermerlərinə oxşayırdı. Təxminən 80 yaşı olardı. O zaman Naxçıvanda çörək sexinin direktoru idi. Mən də İlyas dayımı, digər ağsaqqalları göndərdim elçiliyə. Alındı. Elə həmin ili də toy elədik.

– İlyas dayınız demişkən, İlyas Əfəndiyev sizi oxuyurdumu? Nə deyirdi?

– Yox, sözün düzü, onunla bu mövzuda söhbətimiz, demək olar ki, olmayıb. Yaxud oturub ona şeir-filan oxumamışam.

– Bəs Rəsul Rzanın məqaləsindən sonra sizə heç nə demədi?

– O ərəfədə anamla bir dəfə rastlaşanda məndən danışıb. Anam deyirdi ki, bu İlya, – anam İlyas dayıma İlya deyirdi, – düz yarım saat səndən danışdı. Sonralar arabir zəngləşirdik. Onda vəfat eləməyinə az qalmışdı. Daha çox mənə qardaşını tapşırırdı. Yaradıcılıq söhbətləri etmirdik.

– Bəs Elçinlə münasibətiniz var?

– Var, təbii. Elçin mənim çox etibarlı və çox vəfalı dostum və qardaşımdır...

Müsahibənin yekununda Çingiz müəllimdən imzalı kitab istəsəm də, Çingiz müəllim kitab imzalamağı və bağışlamağı növbəti görüşümüzə saxlayır.

– Mənə elə gəlir ki, səni bir dəfə də buraya dəvət edəcəyəm. O zaman mütləq...

Bu görüşün hansı vədə və hansı məramda olması mənim üçün qaranlıqdır. İndi bircə qalır zamana inanmaq. Füzulinin "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" misrasını unutmaq şərti ilə...

Foto: İlkin Nəbiyev