Bakıda kafe sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda kafe sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevə hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslər Sakit Əlişov və Şahin Quliyevin hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Ziya Mansurov hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.