NATO Baş katibi: Avropanın təhlükəsizliyi üçün ABŞ-a ehtiyacı var

NATO Baş katibi: Avropanın təhlükəsizliyi üçün ABŞ-a ehtiyacı var

"Avropanın öz təhlükəsizliyi üçün ABŞ-a və ABŞ-ın da Avropaya ehtiyacı var".

Birxeber.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq hərbi alyansın 75-ci il dönümünə həsr olunmuş Brüsseldə NATO XİN rəhbərlərinin də iştirak etdiyi mərasimdə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün müttəfiqlər tarixin ən güclü və uğurlu alyansının 75 yaşını qeyd edir.

"NATO "Soyuq Müharibə" dövründə xalqlarımızın təhlükəsizliyini təmin etdi və o zamandan bəri buna davam edir. NATO "Soyuq Müharibə"dən sonra Balkanlarda iki etnik müharibənin sonlanmasında rol oynadı. NATO hər zaman terrorla müharibədə ön sırada oldu", - Stoltenberq çıxışında deyib.

O vurğulayıb ki, 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqı NATO üçün də dönüş nöqtəsi olub və o zamandan bəri alyans hərbi imkanları ilə bağlı qətiyyətli addımlar atıb: "Bu gün NATO həmişəkindən daha güclü və həmrəydir. Bu gün bizim 32 üzvümüz var, deməli biz doğru yoldayıq. Avropanın öz təhlükəsizliyi üçün Amerikaya ehtiyacı var, ancaq eyni zamanda
Şimali Amerikanın da Avropaya ehtiyacı var. Mən NATO-da Avropa və ABŞ-ın birgə fəaliyyətinə inanıram, biz birlikdə güclüyük".

Stoltenberq diqqətə çatdırıb ki, NATO-da yükün, məsuliyyətin paylaşılması vacibdir və NATO-nun Avropadakı müttəfiqləri bu istiqamətdə önəmli addımlar atırlar.