Gürcü Arzusu “xarici agentlər haqqında” qanunu yenidən parlamentə təqdim edib

Gürcü Arzusu “xarici agentlər haqqında” qanunu yenidən parlamentə təqdim edib

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası xarici təsirlərin şəffaflığı haqqında qanun (“xarici agentlər haqqında qanun”) layihəsini parlamentə təqdim edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, layihə gələn həftənin bazar ertəsi günü büro iclasına təqdim ediləcək, daha sonra isə müzakirəyə çıxarılacaq.

Parlamentin hakim fraksiyasının rəhbəri Mamuka Mdinaradze layihənin hər üç oxunuşdan keçəcəyini bəyan edib.

Düzəliş illik büdcəsinin 20%-dən çoxu xarici donorlar hesabına formalaşan qeyri-kommersiya təşkilatların, həmçinin media orqanlarının “xarici qüvvələrin maraqlarını tətbiq edən təşkilat” kimi reyestrdən keçməsini, həmçinin hər il maliyyə bəyanatı təqdim etməsini tələb edir.

Qaydalara riayət etməyən təşkilatların 25 min lariyədək (təxminən 16 min manat) cərimələnməsi nəzərdə tutulur.