Deputat: Sejurnenin Cənubi Qafqazda eskalasiya təhlükəsindən danışması riyakarlıqdır

Deputat: Sejurnenin Cənubi Qafqazda eskalasiya təhlükəsindən danışması riyakarlıqdır

Fransa xarici işlər naziri Stefan Sejurnenin Parisdə, ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirməsi əslində Fransanın çarəsizliyinin göstəricisidir.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, görünən odur ki, Paris üç il əvvəl Ermənistanı dayaq nöqtəsinə çevirib Cənubi Qafqazda imperialistcəsinə möhkəmlənməyə çalışdığı bir dövrdə məhz Azərbaycanın Vətən müharibəsindəki qələbəsi nəticəsində Fransanın regionda iflasa uğraması faktı ilə barışmaq istəmir: “Əks halda fransalı nazir BMT Təhlükəsizlik Şurasında təmsil olunan iki nüvə dövlətinin müzakirə etməli olduğu çoxsaylı real problemlər varkən Azərbaycanla bağlı birtərəfli müzakirə açmağa cəhd etməzdi. Maraqlıdır ki, üç il yarım öncəyə - 44 günlük savaşa qədər Ermənistanın işğal, təcavüz və etnik təmizləmə siyasəti fonunda beynəlxalq hüquq pozuntularının davam etdiyi bir şəraitdə, regionun problemlərinin qlobal müstəvidə müzakirəyə ehtiyac duyulduğu bir vaxtda Fransa bütün imkanlarda Azərbaycanın ərazi bütövlüyü və 1 milyondan artıq qaçqın və məcburi köçkünün humanitar faciəsinin beynəlxalq gündəliyə çıxarılması qarşısında əngəl olub. Paris hətta BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi və işğala son qoyulmasını ehtiva edən qətnamələrinin belə qəbul edilməməsi üçün dəridən-qabıqdan çıxıb. Belə olan halda, bu gün cənab (yaxud xanım) Sejurnenin Cənubi Qafqazda eskalasiya təhlükəsindən danışması absurd riyakarlıqdır”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan ərazilərini 30 il işğal və təcavüzdə saxlayan, Livan ölçüdə bir ərazidə - Qarabağ və Şərqi Zəngəzurda genosid, urbisid və ekosid cinayətləri sayəsində daşı-daş üstündə qoymayan, mina terrorunun nəticələri bu gün də davam edən Ermənistanı dinc və sülhsevər dövlət kimi təqdim etməyə çalışması əslində elə Fransanın özünün ikili standartının və regionda vəziyyəti gərginləşdirmək niyyətində olmasının ifşasıdır: “Azərbaycan sülh tərəfdarıdır və hazırda masada olan sülh təşəbbüsü və şərtləri məhz Azərbaycan Prezidentinə aiddir. Biz artıq Cənubi Qafqazda qarşıdurma və qan tökülməsini istəmirik, lakin fransalı nazir isə riyakarcasına bəyan edir ki, “Azərbaycan ritorikasının nəzarətdən çıxması bizi nə qədər narahat edir". Demək ki, Parisi narahat edən Azərbaycan və Ermənistan arasında sülh üçün yaranan unikal tarixi imkandır. Bu mənada da, Fransa hər vəchlə mümkün sülh müqaviləsinin imzalanmasına mane olur və Ermənistandan da alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirir. İndi Ermənistan bu proseslərdə diqqətli olmalı və unutmamalıdır ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti, o cümlədən də Fransa açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilmədi və Ermənistana dəstəyi yalnız siyasi bəyanatlar və vədlərlə kifayətlənməli oldu. Bu mənada, İrəvan regionda imici onsuz da sarsılmış Fransanın maraqlarına alət olmamalı, Qərbin təhrik etdiyi ritorikadan çəkinərək başda Azərbaycan olmaqla, yaxın qonşuları ilə bir an öncə münasibətlərini beynəlxalq hüquq çərçivəsində normallaşdırmağa çalışmalıdır”.

Deputat vurğulayıb ki, rəsmi Bakı hələ ki Ermənistanı “sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır: “Lakin biz gizlətmirik ki, qarşı tərəf daha da irəli getməyə çalışarsa, Prezident İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatındaca ifadə etdiyi kimi, “bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”. Bu bizim BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınmış beynəlxalq hüququmuzdur və bu haqqımızı Parislə müzakirə etmək niyyətində deyilik. Xüsusən Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin ortaya çıxardığı fəlakətlər fonunda beynəlxalq hüquqdan, terrorçu birliklər, o cümlədən erməni terror təşkilatlarını himayə etməsi fonunda isə qlobal təhlükəsizlik barədə danışmaq haqqını itirdiyi bir vaxtda. Bizim bölgəyə gəldikdə, Stefan Sejurne başa düşməlidir ki, Fransa özünün təcavüzkar davranışlarının nəticəsi olaraq Cənubi Qafqazda artıq mövcud deyil. Parisin bölgədə nüfuz və imkanını bərpa etməsi, mövcudluğunun yenidən təmin edilməsi isə əgər Bakı qəbul edərsə, yalnız Azərbaycanla beynəlxalq hüquqa əsaslanan bərabər hüquqlu tərəfdaşlıqdan keçə bilər. Yəni Fransa bu gün hər bir imkanda Azərbaycanı ittiham etməkdənsə, məğlubiyyətlərinin real səbəblərini özündə, Makronun səbatsız rejimində axtarmalı, söz haqqına sahib olmaq üçün isə ilk növbədə özü beynəlxalq cinayətlərdən çəkinərək müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda siyasi terrordan, soyqırım cinayətlərindən, habelə qeyri-insani təqib və cəzalandırma metodları kimi aqressiv tədbirlərdən əl çəkməlidir. Çıxışında Bakını COP29-la bağlı eyhamlarla hədələmək cəhdinə gəlincə, fransalı nazir başa düşməlidir ki, Azərbaycana bu mötəbər tədbirə ev sahibliyinin etibar edilməsi Parisin yox, dünyanın 200-ə yaxın dövlətinin yekdil iradəsi ilə reallaşıb və öz növbəsində elə bu da Makron rejiminin növbəti fiaskosudur”.