Kuleba Aİ Xarici İşlər Şurasının iclasına dəvət olunub

Kuleba Aİ Xarici İşlər Şurasının iclasına dəvət olunub

Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

Görüşdə Rusiya-Ukrayna müharibəsində son vəziyyət müzakirə olunub. Cozep Borrel deyib ki, Rusiyanın hücumları Aİ-nin Ukraynaya dəstəyi ilə bağlı qətiyyətini daha da gücləndirir, Aİ-yə üzv ölkələr Ukraynaya hərbi yardımla bağlı daha çox və sürətli addımlar atacaq. Cozep Borrel Aİ-nin Ukraynanın sülh formulunu dəstəklədiyini bəyan edib

Aİ Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Dmitri Kulebanı aprelin 22-də Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında iştirak etməyə dəvət edib. İclasa Ukrayna müdafiə naziri də dəvət olunub.

Cozep Borrel Ukraynanı mayın 6-da Brüsseldə keçiriləcək Aİ-Ukrayna Müdafiə Sənayesi Forumuna həmsədrlik etməyə dəvət edib. Forumda Ukraynanın ehtiyacları və Aİ ölkələrinin Ukrayna dəstəklərinin daha yaxşı koordinasiya olunması müzakirə olunacaq.