Redaktordan gənclərə məsləhət: “Yazı yazanda özünüzün ən tələbkar oxucunuz olun”

Redaktordan gənclərə məsləhət: “Yazı yazanda özünüzün ən tələbkar oxucunuz olun”

Yazılarınızı sanki rəqibinizin gözü ilə oxuyun, ümumiyyətlə özünüzün ən tələbkar oxucunuz olun.

“Report” xəbər verir ki, bu sözləri Oxu.az saytının redaktoru Ülviyyə Gülməmmədova Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

“Jurnalist xəbəri sayta verməzdən əvvəl yoxlamalıdır. Öncə oxucu kimi, sonra redaktor kimi. Onunla da qane olmasa, ən qəddar rəqibinin gözü ilə oxumalıdır”, - o qeyd edib.

Ü.Gülməmmədova redaktorun işi, sayta xəbərin seçilməsi, foto və videoların yerləşdirilməsi, mənbənin yoxlanılması, cinayət xəbərlərində etik prinsiplərin qorunması barədə tələbələrə danışıb.

“Sayta xəbər yerləşdirərkən operativ və dəqiq olmalısan. Gec verdinsə, deməli uduzdun. Amma operativlik naminə yoxlanılmamış xəbəri tez vermək də doğru deyil. Onun dəqiqliyi daha önəmlidir. Yəni xəbəri ən azı iki mənbədən təsdiqləmək lazımdır. Düzgün xəbər vermək sənin təmsil etdiyin qurumun imici üçün çox əhəmiyyətlidir”, - redaktor vurğulayıb.

Ü.Gülməmmədova tələbələrə yazı üslubu ilə bağlı tövsiyələr də verib.

“Jurnalistin öz dəsti-xətti olmalıdır. Öz yazı üslubunu formalaşdırmaq önəmlidir. Siz elə yazmalısınız ki, redaktorlar yazınıza görə yaxşı mənada dalaşmaq istəsinlər”- o bildirib.

Ülviyyə Gülməmmədova 1978-ci ildə Cəbrayıl rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 1999-cu ildə bitirib.

2002-ci ildən jurnalistika fəaliyyətinə başlayıb. “Vışka” qəzetində korrektor, “Komsomolskaya Pravda – Baku” nəşrində əvvəlcə müxbir, sonra redaktor, “Birja” qəzetində texniki işçi kimi çalışıb. Milli.az saytında və “Sputnik Azərbaycan”da redaktor vəzifəsini icra edib.

2022-ci ilin mart ayından Oxu.az saytında redaktor vəzifəsində çalışır.